Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar şəhidləri anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar şəhidləri anılıb
# 18 yanvar 2018 10:01 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfirlikdə faciəni əks etdirən foto və kitablardan ibarət sərgi təşkil olunub. Mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında 1990-cı ilin qanlı yanvar hadisələrinin qısa tarixindən danışıb. Diplomat 20 yanvar hadisələrini Azərbaycan xalqının şərəfli qəhrəmanlıq səhifəsi adlandırıb. O, Heydər Əliyevin 20 yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasındakı əvəzsiz roluna toxunub: “Faciənin səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailə üzvləri ilə gələrək, kəskin bəyanatlarla çıxış etmiş və qanlı faciənin günahkarlarını cinayətkar adlandırmışdır”.

D. Həsənov Azərbaycan prezidenti İlham Əliyevin 20 yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət ayırdığını vurğulayaraq, dövlət başçısının şəhidlərin ailələrinə göstərdiyi diqqət və qayğıdan da söz açıb.

Sonra çıxış edən Marneuli rayonunun icra başçısı Temur Abazov deyib ki, müstəqillik uğrunda şəhid olanların əziz xatirəsi daim xalqın ürəyində yaşayır: "Gürcü xalqına bu faciə yaxındır. Belə ki, 1989-cu ilin aprelin 9-da Gürcüstan da eyni qanlı hadisələri yaşayıb".

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəyə hazır olduğunu sübut etdi. O, qanlı faciənin növbəti ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Anım mərasimində Gürcüstanın ictimai və siyasi xadimləri, Marneuli rayon rəhbərliyinin nümayəndələri, azərbaycanlı deputatlar, ziyalılar və gənclər iştirak edib.

20 yanvar faciəsi ilə bağlı anım tədbirləri Gürcüstanın Kvemo Kartli bölgəsi və bir neçə ali məktəbdə də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR