Bakıda “Riyaziyyat və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Riyaziyyat və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir
# 10 sentyabr 2014 12:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsrəddin Tusinin vəfatının 740 illiyinə həsr olunmuş “Riyaziyyat və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın xəbərinə görə, AMEA Riyaziyyat və Mexanika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetinin birgə təşkil etdiyi tədbirə dünyanın müxtəlif ölkələrindən - İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və başqa ölkələrdən 22 alim qatılıb.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev Nəsrəddin Tusi yaradıcılığının Azərbaycan riyazi məktəblərinin formalaşmasına təsirindən danışıb. O, həmçinin görkəmli alimin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Azərbaycanda Tusi yaradıcılığına hər zaman diqqət göstərildiyini deyib. Nəsrəddin Tusinin hansı millətə mənsub olması indiyə qədər mübahisəli olmasını söyləyən M.Mərdanov onun həyat və yaradıcılığı tədqiq edən bir sıra alimlərin onun Azərbaycan türkü olduğunu əsaslı dəlillərlə sübut etdiklərini bildirib.

İki günlük konfransın bölmə iclasları Azərbaycan Universiteti və AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək.

Qeyd edək ki, konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR