Bakıda Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans öz işinə başlayıb - FOTOSESSİYA

Bakıda Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans öz işinə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 sentyabr 2014 08:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə bu ilin may ayından başlanan sədrliyi çərçivəsində sentyabrın 10-da Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, konfransda AŞ-nın üzvü olan 23 ölkənin, AŞ Katibliyinin və Azərbaycanın dövlət qurumlarının, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfransı giriş sözü ilə açan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizlə AŞ arasında əlaqələrin daim inkişaf etdiyini, 2001-ci ildən Şuranın üzvü olan ölkəmizin indiyədək Təşkilatın insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etdiyini qeyd edib.

Nazir bildirib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik prioritetləri korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq, mədəni müxtəlifliyin təşviqi, gənclər, təhsil və s. ilə yanaşı, sosial birlik və davamlılığın möhkəmləndirilməsi məsələlərini də əhatə edir.

S. Müslümov bildirib ki, hazırda 1 mln. 273 min 270 nəfər əmək pensiyası, 547 min 300 nəfər ünvanlı dövlət sosial yardımı, 320 min 520 nəfər isə sosial müavinətlə təmin olunur. Bu ilin birinci yarısında 62 min nəfərə yaxın insan birdəfəlik müavinət alıb.

“Ümumilikdə, sosial müdafiə sistemi vasitəsilə hökumət ölkə əhalisinin 23%-ni dəstəkləyib və onların sosial xidmətlərə birbaşa çıxışını təmin edib”, - deyə o bildirib.

Nazir bu konfransda aparılacaq müzakirələrin Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi üçün faydalı olacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri Ana Vukadinoviç Azərbaycanın AŞ-na daxil olduqdan sonra ötən dövrdə təşkilatın qabaqcıl Avropa dəyərlərini əks etdirən və mühüm fəaliyyət sahələrinə dair 60-a yaxın konvensiyasını ratifikasiya etməsinin və onların icrası sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

O bildirib ki, güclü iqtisadi inkişafa, işsizliyin və yoxsulluğun kəskin şəkildə azaldılmasına nail olan Azərbaycanda sosial birlik prinsiplərinin reallaşmasına xidmət edən tendensiyaların güclənməsi AŞ-nın müvafiq prioritetlərinə uyğundur. Ümumiyyətlə, AŞ-ya üzv ölkələrdə sosial birlik üzrə qazanılan uğurlu təcrübələrin qarşılıqlı mübadiləsi, eyni zamanda mövcud maneələrin müzakirə olunaraq həll yollarının axtarılması belə tədbirlərin əsas məqsədidir. Keçirilən bu konfransın da qeyd olunan istiqamətdə növbəti uğurlu addım olacağı şübhəsizdir.

AŞ Baş Katibliyinin nümayəndəsi, İnsan ləyaqəti və bərabərlik direktoratlığının ayrı-seçkiliklə mübarizə və sosial birlik departamentinin rəhbəri Mariya Oçoa-Llido daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın bununla sosial birlik prinsiplərinin ölkələr arasında təbliği və reallaşmasında, müvafiq məlumat və təcrübə mübadilələrinin aparılmasında fəal iştirak etmək əzmi kimi qiymətləndirib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxışında Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modelindən, yeni sistemin yüksək sosial səmərəliliyindən danışıb.

İki gün davam edəcək konfrans plenar sessiyalarla işini davam etdirib.

Sessiyalarda “Böhran dövründə sosial birlik və Avropa sosial modeli mövzusuna giriş”, “Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Yeni Strategiya və Fəaliyyət Planının icrası və ən yaxşı milli təcrübələrin mübadiləsi”, “Sosial Birlik üzrə Yeni Strategiya və Fəaliyyət Planının qəbulundan (2010-cu il) sonra sosial siyasətlərin inkişafı”, “Ev sahibliyi edən ölkədə ünvanlı sosial birlik siyasətləri və ən yaxşı təcrübələr”, “Daha inklüziv cəmiyyətlərin mövcud və gələcək çətinlikləri” və s. mövzularda müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR