Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir
# 03 oktyabr 2017 10:37 (UTC +04:00)

Bakıda Avropa İttifaqı, Avropa Təlim Fondu və Azərbaycan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə “Peşə təhsili və təlimində dövlət-özəl əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə Dəstək Proqramı - Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” seminarı keçirilir.

APA-nın xəbərinə görə, iki gün davam edəcək seminarın açılışında çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkədə prioritet sahə elan edilib. O deyib ki, ölkədə peşə təhsili və təliminə dair strateji yol xəritəsi bu sahəyə 2020-ci ilə kimi strateji baxış, 2025-ci ilə kimi uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış olmaqla, müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulmasını özündə əks etdirir: “İslahatların uğurlu icrasını təmin etmək, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb. Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması, dövlət peşə təhsil mərkəzlərinin yaradılması , işgötürənlərlə sıx əlaqələrin qurulması, məzmunun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması və digər məsələlər bu sahədə son illər həyata keçirilən islahatların bir hissəsidir. Bu işlər məzunların məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradır. Avropa İttifaqı ilə birgə əməkdaşlıq bu sahənin inkişafına təkan verəcək və Gəncə, Cəlilabad, Bərdə, İsmayıllı, Qax və Qəbələdə keyfiyyətli infrastruktur, mühəndis-pedaqoji heyətin cəlb edildiyi müasir tipli peşə təhsili müəssisələrinin formalaşmasına zəmin yaradacaq”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli aparılan islahatlardan danışaraq bu sahədə normativ-hüquqi bazanın təmin edilməsi istiqamətində ölkədə ilk dəfə “Peşə təhsili haqqında“ qanunun hazırlandığını söyləyib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar şöbəsinin rəhbəri Yerun Uilyams peşə təhsilindəki islahatların həyata keçirilməsində və beynəlxalq təcrübənin öyrənilməsində təşkilatın dəstəklədiyi layihə barəsində məlumat verib. O, yeni layihənın aparılan islahatların həyata keçirilməsində böyük rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, tədbirin məqsədi maraqlı tərəflərin iştirakını təmin edərək siyasət dialoqu qurmaq və “Peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nə əsasən işəgötürənləri peşə təhsilinə inteqrasiya etmək üçün dövlət-özəl əməkdaşlığının mexanizminin hazırlanmasını dəstəkləməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR