Bakı. Etibar Məmmədov – APA. Azərbaycanda səfərdə olan Suriya Türkmən Cəbhəsi İdarə Heyətinin üzvlərinin iştirakı ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Suriya türkmənlərinin durumuna həsr olunmuş dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı türk xalqlarının problemlərindən danışıb. Hazırda dünyada türklərə qarşı ayrı-seçkiliyə yol verildiyini deyən VHP sədri Suriyada yaşayan türkmənlərin hüquqlarının tapdandığını bildirib: “Dünyada bütün türk xalqlarını birləşdirən eyni dil, qan və tarixidir. Dünya dövlətləri hər zaman türk xalqlarını bir-birinə qarşı qoymağa çalışıb. XXI əsr türk əsri olmalıdır, lakin lazımi işlər görülməsə, bu əsr türklərin məhvi ola bilər. Suriyada yaşayan türkmənlərin hüquqları da tapdalanır. Biz onların bu problemini dünyanın diqqətinə çatdırmalıyıq”.
Suriya Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Nurəddin Türkmən hazırda Suriyada 5 milyondan çox türkün yaşadığını söyləyib: “Bütün Suriya şəhərlərində türklər var. Onlar öz milli kimliklərini qoruyub saxlamağa çalışsalar da, onlara qarşı təzyiqlər var. Türkiyə Suriyada yaşayan türkmənlərə maddi və mənəvi dəstək verir. Biz bunu yüksək qiymətləndiririk”.
Tarixçi Yasəmən Qaraqoyunlu türkmənlərin tarixi haqqında çıxış edib. Sonra tədbir sual-cavab formasında davam etdirilib.