BAXCP orta ümumtəhsil məktəblərində vahid dövlət imtahanının tətbiqini zəruri sayır

BAXCP orta ümumtəhsil məktəblərində vahid dövlət imtahanının tətbiqini zəruri sayır
# 01 sentyabr 2014 12:40 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 1-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

Yeni dərs ilinin başlanması da müzakirə olunan məsələlərdən olub və Təhsil Nazirliyinin dərs ilinin vaxtının azaldılması qərarı müsbət qiymətləndirilib. Qeyd olunub ki, üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliyinə ciddi maneə yaradır: “Təhsildə uzunmüddətli fasilə şagirdlərdə bir sıra mühüm vərdişlərin sıradan çıxmasına, onların təhsil prosesindən ayrı düşməsinə səbəb olur. Orta məktəb müəllimləri hər yeni dərs ilinin başlanğıcında şagirdlərin daha öncə qazandıqları biliklərin müəyyən bir hissəsini unutduqlarının, təhsil prosesinə alışa bilmədiklərinin şahidi olurlar. Uzunmüddətli fasilədən sonra şagirdlərdə təhsil prosesinə konsentrasiya olmaqla bağlı ciddi problemlər yaranır. Onların yenidən məktəb həyatına alışması isə xeyli vaxt aparır. Bu problemlərin aradan qaldırılması üçün dünyanın bir çox aparıcı ölkələrində tətbiq olunan təcrübənin Azərbaycanda da həyata keçirilməsi vacibdir. Nümunəvi təhsil sistemi olan Böyük Britaniyada, o cümlədən Yaponiya və bu kimi inkişaf etmiş ölkələrin məktəblərində dərs ili 2 semestrdən ibarətdir. Şagirdlərə birinci semestrdən sonra 14, ikinci semestrdən sonra isə 45 günlük tətil verilir. Bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi qeyd olunan problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər”.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün vahid dövlət imtahanın tətbiq olunması da vacib şərtdir: "İndiki vəziyyət təhsil prosesinin deyil, repetitorluğun inkişafına zəmin yaradır. Şagirdlər yalnız seçdikləri istiqamətlər üzrə fənnlərə diqqət yetirirlər və bu isə onların digər fənnlərlə üzrə elementar bilikləri əldə etmələrinə ciddi maneə yaradır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR