BDU-da 28 May - Respublika Günü qeyd olunub

BDU-da 28 May - Respublika Günü qeyd olunub
# 25 may 2017 13:45 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

BDU-dan APA-ya verilən məlumata görə, universitetin rektoru Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu və əhəmiyyətinə diqqət çəkən rektor, eyni zamanda, cümhuriyyətin ən böyük uğurlarından biri kimi BDU-nun yaradılmasını diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan, ölkəmizin son illər artan beynəlxalq nüfuzundan danışıb.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tələbələr tərəfindən səhnələşdirilmiş “Vaqif” pyesi haqqında məlumat verib, Azərbaycan xalqının milli-azadlıq mübarizəsini əks etdirən bu pyesi təqdim etmək üçün tələbələrin uzun müddətdir ki, xalq artisti, professor Ağakişi Kazımovun rəhbərliyi altında məşq etdiklərini söyləyib.

Sonra çıxış edən rektor Abel Məhərrəmov bütün yaradıcı heyətə, rejissor Ağakişi Kazımova, Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədova, Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovaya təşəkkürünü bildirib.

Xalq artisti Ağakişi Kazımov isə tələbələrin istedadını xüsusilə qeyd edərək, onlarla işləməkdən zövq aldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR