BMT-nin baş katibi Ümumdünya QİÇS günü ilə bağlı üzv dövlətlərə  müraciət edib

BMT-nin baş katibi Ümumdünya QİÇS günü ilə bağlı üzv dövlətlərə  müraciət edib
# 30 noyabr 2012 10:16 (UTC +04:00)

Bakı. Aynur Qəniyeva - APA . BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya QİÇS günü ilə bağlı üzv dövlətlərə müraciət edib. BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumatına görə müraciətdə bildirilir ki, 2015-ci ilə qədər epidemiyanın qarşısını almaq və onu məhv etmək üçün dövlət və vətəndaş cəmiyyətlərinin təşəbbüsləri nəticəsində bu sahə üzrə müəyyən uğurlar əldə edilib. Baş katib qeyd edib ki, BMT-nin İİV/QİÇS üzrə birgə Proqramının 2012-ci il Ümumdünya QİÇS Günü ilə bağlı hesabatında, son iki ildə İİV/QİÇS xəstəliyinin qarşısının alınması və müalicəsi istiqamətində əhəmiyyətli dərəcədə inkişaf qeydə alınıb.

Pan Gi Mun BMT-yə üzv dövlətləri infeksiyanın anadan uşağa ötürülməsinin qarşısını almaq üçün səyləri artırmağa və bütün İİV-müsbət infeksiyalı anaların sağ qalması və inkişafına zəmanət verməyə, eyni zamanda həssas əhali üçün risk faizini artıran utanc və ayrı-seçkilik faktorunun ləğvinə nail olmaq yolunda daha ciddi səylər göstərməyə çağırıb.

Baş katib Beynəlxalq Komissiyanın İİV və “Risklər, Hüquqlar və Sağlamlıq” Qanunu üzrə hesabatında vurğulanan köhnəlmiş qanunlar, qeyri-düzgün məhkəmə sistemləri və elmə deyil, qorxu və qərəzə əsaslanan ağır istintaq təcrübələri epidemiyanın genişlənməsinə şərait yaratması faktlarının mövcudluğuna görə narahatlığını bildirib. Pan Gi Mun “bütün kişi, qadın və uşaqların bu dağıdıcı epidemiyaya son qoya biləcək tibbi qayğı və zəruri xidmətlər hüququ kimi əsas hüquqlardan faydalana bilmələrini təmin etmək üçün biz məlumat bazası, müayinə və müalicəni hamı üçün açıq etməliyik”, deyə bildirib.

Baş katib daha sonra bildirib ki, “sıfır yeni İİV yoluxmaları”, “sıfır ayrı-seçkilik” və “sıfır QİÇS”-in səbəb olduğu ölüm hallarına 2015-ci ilə qədər nail olmaq mümkündür. Pan Gi Mun BMT-yə üzv olan bütün ölkələrə müraciət edərək bunları deyib: “Ümumdünya QİÇS günündə təklif edirəm ki, son illər ərzində İİV/QİÇS xəstəliyinin həmişəlik tarixə çevrilməsi yolunda əldə edilmiş cəsarətləndirici uğurlarımızı daha da inkişaf etdirmək üçün tədbirlər həyata keçirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR