BŞTİ 171 nömrəli məktəbin direktorunun vəzifəsindən azad olunması barədə açıqlama yayıb

BŞTİ 171 nömrəli məktəbin direktorunun vəzifəsindən azad olunması barədə açıqlama yayıb
# 13 sentyabr 2014 11:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhər üzrə Təhsil İdarəsi (BŞTİ) 171 nömrəli orta məktəbin direktoru İradə Murquzovanın vəzifəsindən azad olunması ilə bağlı açıqlama yayıb.

BŞTİ-dən APA-ya verilən məlumatda bildirilib ki, kütləvi informasiya vasitələrində dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanuna, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamısi”nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaradıb.

Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəllimi işləyən Kifayət Rzayevanın adına “Bank of Baku”dan 4000 (dörd min) manat kredit götürüb, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd verib, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.

Qeyd olunub ki, Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR