BSU-da mühazirə oxumaq üçün xaricdən müəllimlər dəvət olunub

BSU-da mühazirə oxumaq üçün xaricdən müəllimlər dəvət olunub
# 11 oktyabr 2017 12:27 (UTC +04:00)

Əcnəbi müəllimlər Bakı Slavyan Universitetində mühazirə oxumaq üçün Bakıya dəvət olunublar.

BSU-nun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri professor Donuta Pleçka, Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman hazırda BSU-da dil, ədəbiyyat, mədəniyyət, tarix, etnoqrafiya və s. fənlər üzrə mühazirələr oxuyurlar.

Tələbələr bu mühazirələrə həvəslə gəlir, maraqlandıqları mövzu ətrafında müəllimlərlə diskussiyaya girməyə çalışırlar. Müəllimlər artıq Polşa və Almaniyanın coğrafiyası, iqtisadiyyatı, siyasəti, mədəniyyəti , dili, ədəbiyyatı və s. barədə bir neçə mühazirə oxuyublar.

Z. Hartman BSU-nun Almaniya universitetləri ilə məhsuldar və davamlı əməkdaşlığı sayəsində bu universitetin diplomlarının ölkəsində tanındığını, tələbə və magistrantların transferi zamanı problem yaranmadığını bildirib.

Professor Y. Marşalek isə Bakı Slavyan Universitetinin Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini deyib. Qeyd edib ki, universitetin yüksək səviyyəli maddi-texniki bazası var, auditoriyalar lazımi avadanlıqlarla təchiz edilib, elektron resurslardan istifadə etmək mümkündür.

D. Pleçka isə Bakını dünyanın ən müasir şəhərlərindən hesab etdiyini, xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını bildirib. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanda belə bir halla qarşılaşmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR