Bu il dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə 500-ə yaxın müraciət olub

Bu il dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə 500-ə yaxın müraciət olub
# 07 dekabr 2016 09:19 (UTC +04:00)

Bu il ərzində Klinik Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə ilə bağlı 454 müraciət olub, həmin şəxslərdən 332-si xəstəxanaya qəbul edilib.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu, KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Şöbə müdiri bildirib ki, mərkəzə yerləşdirilənlərin 10%-nin vəziyyəti ağır, 70%-nin vəziyyəti orta-ağır, qalanların vəziyyəti isə yüngül olub.

A.Maqsudov qeyd edib ki, hər həftə dəm qazı zəhərlənməsi ilə əlaqədar rayonlardan 10-12 müraciət olur: “Dəm qazından zəhərlənmə ilə bağlı əsasən 20-40 yaş arası və orta yaşlı insanlar müraciət edir. Bu, da daha çox qapalı mühitdə, ən çox da vanna otağında baş verir. Çox zaman vanna otağının qapısının bağlı olması dəm qazından zəhərlənən şəxsin xilası üçün vaxt itkisinə səbəb olur. Xəstənin huşu üstündə olarsa, vaxt itkisi yaranmır, amma huşu üstündə olmayanda əlavə vaxt itirilir”.

Onun sözlərinə görə, bu il mərkəzə müraciətlər arasında dəm qazından ölüm halı qeydə alınmayıb, ötən il isə yalnız 1 nəfər vəfat edib.

A.Maqsudov avtomobillərdə dəm qazından zəhərlənmə hallarına da toxunub. Baş toksikoloq qeyd edib ki, qapalı şəraitdə olan maşında kondisioner işləyərsə, dəm qazı orada olan şəxsi zəhərləyə bilər: “Həm maşını, həm də kondisioneri işə saldıqda diqqətli olmaq lazımdır. Ötən il belə bir hadisə nəticəsində iki şəxs zəhərlənib. Onlardan biri vəfat edib, digər şəxsin sağlamlığının bərpasına isə uzun müddət lazım olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR