Bu ilin ilk yarısında məşğulluq orqanları 13 742 nəfəri işlə təmin edib

Bu ilin ilk yarısında məşğulluq orqanları 13 742 nəfəri işlə təmin edib
# 15 iyul 2014 10:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) və onun yerli orqanlarının 2014-cü ilin ilk yarımili ərzində fəaliyyətinin yekunlarına və səmərəli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində qarşıda duran vəzifələrə dair iclas keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edərək, son 8 ay ərzində ƏƏSMN-in fəaliyyət sahələrində aparılan islahatlardan bəhs edib, aktiv məşğulluq tədbirlərinin təşkili işlərinin təkmilləşdirilməsinin də diqqətdə saxlandığı vurğulayıb.

İclasda cari ilin ilk yarımilinin yekunları, habelə məşğulluq orqanlarının fəaliyyətinə dair cari ilin aprelində keçirilmiş müşavirədə verilən konkret tapşırıqların icra vəziyyəti barədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisinin, Gəncə şəhər, Bakının Qaradağ və Sabunçu rayon Məşğulluq Mərkəzlərinin direktorlarının hesabat məruzələri dinlənilib. Bildirilib ki, hesabat dövründə məşğulluq xidməti orqanları tərəfindən 13 742 nəfər münasib işlə təmin edilib, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57 327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunub. Ali təhsilli, ilk dəfə işaxtaran bir qrup gəncin yeni iş yerində əmək haqlarının yarısının 6 ay müddətinə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən subsidiya şəklində işəgötürənlərə ödənilməsini nəzərdə tutan pilot layihəyə başlanılıb. İclasda əmək yarmarkaları, “Karyerada ilk addım” devizi altında ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirləri, Səyyar Əmək Birjası və “SYSLAB Təlim Mərkəzi”nin fəaliyyəti barədə də məlumat verilib. Rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən vakansiyaların toplanması, qanunvericilikdə müəyyən edilmiş kvotalar üzrə işədüzəltmənin cari vəziyyəti nəzərdən keçirilib.

Tədbirdə əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması, aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi barədə tapşırıqlar verilib. Habelə işsizlik müavinətlərinin təyin olunması və ödənilməsində şəffaflığın təmin edilməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına riayət edilməsi, vətəndaş məmnunluğunun təmin olunması tapşırılıb, fəaliyyət sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR