Dərsliklərin monitorinqi ilə bağlı seminarların iş qrafiki və iş planı açıqlanıb

Dərsliklərin monitorinqi ilə bağlı seminarların iş qrafiki və iş planı açıqlanıb
# 20 sentyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi məqsədilə seminarların iş qrafiki və iş planını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar oktyabrın 28-dən fəaliyyətə başlayacaq. Ümumi və tam orta təhsil səviyyələrinin VI, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2014-cü ilin yanvar ayından fəaliyyət göstərəcək.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimlərinin iştirakı ilə nəzərdə tutulan elmi-metodiki seminarlar internet vasitəsilə on-line rejimində yuxarıda qeyd edilən vaxtda fəaliyyətə başlayacaq. Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib, qeydiyyatdan keçməlidirlər.

Bildirilib ki, respublikanın ümumtəhsil məktəblərində istifadədə olan I - XI sinif dərslikləri, dərs vəsaitləri və digər tədris vasitələri ilə bağlı (bütün fənlər üzrə Azərbaycan və rus dillərində) fikirlər, irad və təklifləri TQDK-nın elektron poçtuna [email protected] və poçtla göndərmək mümkündür.

İbtidai təhsil səviyyəsi üzrə seminarların iş qrafiki, ümumi və tam orta təhsil səviyyələri üzrə elmi-metodiki seminarların iş qrafiki, ümumi və tam orta təhsil səviyyələri üzrə elmi-metodiki seminarların iş planı dair bütün məlumatlar komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR