DİN Tovuzda "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda konfrans keçirib

DİN Tovuzda "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda konfrans keçirib
# 05 sentyabr 2014 13:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda tədbir keçirib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə DİN tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif İsmayılov çıxışında rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin nümayəndəsi Bəhruzər Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə dini icmanın sədri Nəriman İbayev, Ağsaqqallar Şurasının sədri Fərman Nağıyev, Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və digər şəxslər çıxış edərək, dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, ölkəmizdə dini sahədə maarifləndirmə işləri ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR