Dövlət Baytarlıq Xidmətinin rəisi: Nazirlər Kabinetinə rəsmi müraciət etmişik ki, quş ovuna qadağa götürülə bilər

Dövlət Baytarlıq Xidmətinin rəisi: Nazirlər Kabinetinə rəsmi müraciət etmişik ki, quş ovuna qadağa götürülə bilər
# 16 iyul 2014 12:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova, Könül Kamilqızı – APA. Artıq neçə illərdir Azərbaycanda “quş qripi” virusu müşahidə olunmasa da, bununla bağlı mütəmadi monitorinqlər davam etdirilir. Monitorinqlər bu sahədə vəziyyətin sabit olduğunu göstərir. Lakin buna baxmayaraq, çöl quşlarının ovlanmasına qoyulan qadağa hələ də aradan götürülməyib. Bununla yanaşı, xəstəliklə əlaqədar ölkədə toyuq dönərinin satışı da qadağan olunub və bu qadağa indiyə qədər davam edir. Bəs bu qadağalar nə vaxta qədər davam edəcək?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova APA-ya açıqlamasında deyib ki, “quş qripi” ilə əlaqədar quş ovuna qadağa qoyulması və qadağanın ləğvi Dövlət Baytarlıq Xidmətinin səlahiyyətində deyil: “Bu qadağanın götürülməsi Nazirlər Kabineti yanında fəaliyyət göstərən, “quş qripi”nin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının səlahiyyətindədir. Buna gərək onlar qərar versin. Biz hər ay “quş qripi” ilə bağlı keçirdiyimiz monitorinqin nəticəsini bəyan edirik və aidiyyəti qurumlara göndəririk. Bildiririk ki, ölkədə bu sahədə heç bir problem yoxdur. Artıq qadağanın götürülüb-götürülməməsi onlara aiddir. Dövlət Baytarlıq Xidməti Nazirlər Kabinetinə rəsmi müraciət edib ki, quş ovuna qoyulmuş qadağa götürülə bilər”.


Bu gün çöl quşlarının ovlanması qadağan olunsa da, belə quşların bazarlarda və yol kənarlarında satışa çıxarılmasının şahidi oluruq. Bu məsələyə də aydınlıq gətirən DBX rəisi qeyd edib ki, bu istiqamətdə də mütəmadi monitorinqlər keçirilir: “Bizim cərimələrimiz çox cüzi miqdarda olduğuna görə həmin işlə məşğul olanlar üçün bir o qədər də əhəmiyyət kəsb etmir və onlar satışa davam edirlər”.

S. Rüstəmova bildirib ki, 2006-cı ildən etibarən ölkənin quşçuluq təsərrüfatlarında, eləcə də qoruq və su hövzələri ərazilərində aparılan çoxsaylı monitorinqlər nəticəsində “quş qripi” müəyyən edilməyib. Onun sözlərinə görə, hazırda “quş qripi” ilə bağlı epizootik vəziyyəti tam sabitdir.

Azərbaycanda toyuq dönərinin satışına qadağanın tətbiq olunmasının səbəblərinə gəlincə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya açıqlamasında bir neçə il öncə ölkədə “quş qripi” aşkar olunduqdan sonra bu qaydanın tətbiq edildiyini xatırladıb. O deyib ki, sonradan xəstəliyin yayılması dayansa da, toyuq dönərindən dəfələrlə zəhərlənmə halları qeydə alındığı üçün bu qərar qüvvədə saxlanılıb: “Təhlükəsizlik riski nəzərə alınaraq bu qərar bu gün də qüvvədə qalır. Bu qadağa aradan götürülə bilər, amma bir şərtlə ki, gigiyena qaydaları ciddi şəkildə qorunsun. Bu tələblər qorunmadıqca bu qadağa da qüvvədə qalacaq”.

İ. Abdullayev bildirib ki, qadağalar qalsa da, sahibkarlar toyuq dönərinin satışına qanunsuz olaraq davam edirlər: “Belə dönərlərin satışı ilə məşğul olan sahələrin bir neçəsinin fəaliyyəti mərkəz tərəfindən dayandırılıb. Xüsusilə metronun “20 Yanvar”, “Elmlər Akademiyası” stansiyalarının ətrafında çoxlu sayda dönər satışı sahələrinin sahibkarları toyuq dönəri satdıqları və sanitar qaydaları pozduqları üçün inzibatı qaydada cərimələniblər. Lakin cərimələrə baxmayaraq, onlar bu işi davam etdirirlər. Bu da onunla əlaqədardır ki, sahibkarlara tətbiq olunan cərimələr yüngüldür. Cərimə məbləği orta hesabla 200 manat həcmindədir və sahibkarlar tətbiq olunan cərimələri ödədikdən sonra fəaliyyətlərini yenidən davam etdirirlər”.

Şöbə müdiri əlavə edib ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində sanitar-gigiyenik normalara əməl etməyən və toyuq dönərinin satışını həyata keçirən 70-80 sahibkar cərimələnib və həmin müəssisələrin 50%-dən çoxunda toyuq dönərinin satışına qadağa qoyulub.

İ. Abdullayev toyuq dönərlərinin broyler toyuqlarından hazırlanmasının nə dərəcədə düzgün olması və broyler toyuqlarının istehsalına qadağaların qoyulmasının mümkün olub-olmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədə broylerin satışına qadağa yoxdur: “Broyler sahibkarlıq subyektində sahibkarlıq sanitar xidmətinin nəzarəti altında yetişdirilən toyuqlardır. Amma burada bir məsələ var. Bəzən broyler əti adı altında satışa çıxarılan və fərdi təsərrüfatlardan gətirilən toyuqlar da olur. Bunlar bəzən mağazalara broyler adı altında verilir. Belə halların qarşısı alınmalıdır, çünki xəstəliklərlə qarşılaşa bilərik. Biri təsərrüfatında 300-500 toyuq saxlayır. Ona həkim, baytar nəzarəti yoxdur, anti-sanitariya şəraitində kəsim həyata keçirilir. Sonradan qablaşdıraraq mağazaya satmağa gətirirlər. Bunlar təhlükə mənbəyidir və qarşısı hər zaman alınır”.

İ. Abdullayev qeyd edib ki, toyuq broylerindən dönərdən başqa yüzlərlə kulinariya məhsulları hazırlamaq olar: “Bunların qarşısı alınmayıb və almaq da mümkün deyil. Söhbət toyuq dönərindən gedir. Toyuq dönərinin də hamısı toyuq ətindən hazırlanmır. Bəzən ucuz alınsın deyə bunu toyuğun budundan hazırlayırlar. May ayında Binəqədidə belə bir fakt aşkar olunmuşdu ki, vətəndaş maşın saxladığı qarajda toyuq dönəri hazırlayıb, sonradan çiy dönəri aparıb satırdı. Belə halların da qarşısı alınır və sahibkarlar cərimə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR