Əli Həsənov: “Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə mühüm töhfəsini verəcək”

Əli Həsənov: “Milli Atlas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə mühüm töhfəsini verəcək”
# 02 fevral 2015 11:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubı Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimində çıxışında bildirib.

Onun sözlərinə görə, erməni ekspansionistlərinin xəritə və atlaslarla ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir: “Tədqiq olunmuş məlumatlar və statistik göstəricilər Azərbaycanda kartoqrafiya sahəsində yeni inkişaf mərhələsinin İlham Əliyevin adı ilə bağlı olduğunu söyləməyə əsas verir Prezidentin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyədək respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək yerinə düşər. Son 10 ildə dövlət sərhədlərinin delimitasiyası sahəsində görülən işlərin nəticələri ictimaiyyətə məlumdur. Bu sahədə indiyədək həyata keçirilən işlərin mahiyyətini azaltmadan demək olar ki, kartoqrafiyanın şah əsəri bu gün təqdimatı keçirilən Milli Atlasdır. Bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrdə Azərbaycanın mədəniyyəti, iqlimi, flora və faunası, yeraltı və yerüstü sərvətləri, iqtisadiyyatı və digər sahələr haqqında mötəbər bilgilər toplanıb. Atlasdakı qiymətli elmi məlumatlar, 1000-ə yaxın xəritə, diaqram və cədvəllər, arayışların, qrafik və illüstrasiyalar redaksiya heyətinin və bütün mütəxəssislərin gərgin əməyinin nəticəsidir”.

Ə.Həsənov qeyd edib ki, müasir milli atlas adi sorğu və məlumat vəsaiti deyil: “Bu, üçrəngli bayrağımız, gerbimiz və himnimizlə yanaşı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin kartoqrafik inikası və təsdiqidir. Beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır. Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərindən başlayıb. Postsovet ölkələri arasında biz 5-ci ölkəyik ki, milli atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna, Qazaxıstan milli atlaslarını hazırlayıb. Təbii ki, Azərbaycanın milli atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir. Hazırda Azərbaycan dünyanın kosmik dövlətləri sırasına daxil olub. Bu faktın özü Azərbaycanın nə qədər inkişaf etdiyinin bariz göstəricisi hesab oluna bilər”.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Milli Atlas Azərbaycanın mili maraqlarının qorunması, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də mühüm töhfəsini verəcək: “Ermənistan Respublikası və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq, onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycanın Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi-siyasi coğrafiyası və bütövlükdə bu bölgənin coğrafiyası, burada gedən proseslərin mahiyyəti barədə erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq. Bu baxımdan atlasın tarix bölməsində geniş materialların yerləşdirilməsi müsbət haldır. Azərbaycanın müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallardakı təsvirləri, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü, döyüş və qırğınların baş verdiyi məkanlar, etnik təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür yaradılması üçün olduqca faydalıdır. Belə bir fundamental nəşrin əmələ gəlməsi ölkəmizin ictimai, siyasi və mənəvi həyatında olduqca mühüm hadisədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR