İntiharların artması və problemin həlli yolları mövzusunda mətbuat konfransı keçirilib

İntiharların artması və problemin həlli yolları mövzusunda mətbuat konfransı keçirilib
# 14 iyun 2013 11:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Uşaqlar və yeniyetmələr arasında intihar hallarının artması problemi və onun həlli yolları mövzusunda mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən psixoloq Azad İsazadə bildirib ki, son dövrdə yeniyetmələr arasında intihar halları artan dinamika üzrə inkişaf edir. Onun sözlərinə görə, həm maddi, həm sosial, həm psixoloji problemlər bu intiharlara səbəb ola bilir: “Eyni zamanda iqlim dəyişkənliyi, günəşdəki aktivlik intiharları artırır. Cəmiyyətdə artan aqressiya da intiharların artması ilə nəticələnir”.

Psixoloq qeyd edib ki, ölkədə intihar halları əsasən ailədaxili problemlər, şəxsin şərəf və ləyaqətin təhqir olunması səbəbindən baş verir.

A.İsazadə Azərbaycanda baş verən intihar hallarının əsaslı şəkildə araşdırılması və bunun qarşısının alınması üçün dövlət tərəfindən xüsusi mərkəzin yaradılmasını təklif edib.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyib ki, Azərbaycanda son dövrdə yeniyetmələrlə yanaşı, intihara cəhd edən qadınların sayı artıb: “Bir ayda Qadın Krizis Mərkəzinə intihara cəhd etmək və bu fikirlə yaşayan qadınlar tərəfindən 30-50 müraciət daxil olur. Bu qadınlar əsasən ailə zorakılığına məruz qalmış qadınlardır. Onlar QHT-lərə müraciət edirlər ki, bəlkə onların problemləri həll oluna bilər”.

M. Əzizova qeyd edib ki, intihar edən şəxsi buna vadar edən səbəblər araşdırılmalıdır: “Dövlət qurumları intihara cəhd hallarının qarşısının alınması ilə bağlı tədbirlər görməlidirlər. Elmi araşdırma aparılması və statistika açıqlanmalıdır. Çünki bir neçə ildən sonra bu artıq faciəyə səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR