İsaxan Aşurov adına mükafatın təqdimatı keçirilib

İsaxan Aşurov adına mükafatın təqdimatı keçirilib
# 29 mart 2013 13:41 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Tanınmış hüquqşünas, mərhum İsaxan Aşurov adına mükafatın təqdimatı keçirilib. APA-nın məlumatına görə, “El” hərəkatının ofisində keçirilən mərasimdə mükafatın təsisçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mərhum hüquqşünasın həyat və peşə fəaliyyəti haqda danışıb. O, İ. Aşurovu bacarıqlı, öz peşəsinə sadiq və ləyaqətli hüquqşünas kimi xarakterizə edib. L. Yunus deyib ki, mükafat qanunların və hüquqların müdafiəsində şərəf və ləyaqət nümayiş etdirən vəkillərə, hüquqşünaslara, zabitlərə, vətəndaşlara təqdim olunacaq.

İ. Aşurovun həyatından bəhs edən foto-film nümayişindən sonra hüquq müdafiəçisi Leyla Əliyeva, politoloq Hikmət Hacızadə, vəkil İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl və digərləri çıxış ediblər. Natiqlər İ. Aşurov haqda xatirələrini bölüşüblər və onun hüquq müdafiəçisi kimi fəaliyyəti haqda danışıblar.

Sonda mükafatın həbsdə olan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova təqdim olunduğu açıqlanıb. Mükafat müəllifinə verilməsi üçün H. Məmmədovun vəkili Ramiz Məmmədova təqdim edilib.

Qeyd edək ki, İsaxan Aşurov 1955-ci ilin avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ölkənin bir sıra hüquq-mühafizə orqanlarında müstəntiq, bölmə rəisi, rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. 1993-1994-cü illərdə qiyamçı hərbi hissə komandiri Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərib, dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilib. 1994-cü ildə həbsdən azad olunub. 1996-cı ildən vəkil kimi çalışıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub. O, bir çox tanınmış şəxsin hüquqlarını müdafiə edib. 2012-ci il iyunun 22-də ABŞ-da müalicə aldığı klinikada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR