ISESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində olub

ISESCO-nun baş direktoru Bakı Ali Neft Məktəbində olub
# 30 noyabr 2015 08:14 (UTC +04:00)

Bakı-APA. ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. O, həmçinin qonağa BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlər, yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, Ömürboyu təhsil fakültəsi, Ali Məktəbin tikintisi başa çatan kampusu və gələcəkdə BANM-də həyata keçiriləcək magistr hazırlığı proqramları haqqında məlumat verib. Rektor Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən söz açaraq, ISESCO-ya verdiyi dəstək barəsində, onun elm, mədəniyyət və təhsil sahələrinin, ölkənin ümumi inkişafı istiqamətində gördüyü işlər haqqında danışıb. Bununla yanaşı, rektor ISESCO-ya üzv olan ölkələrin gənclərinin BANM-də təhsil almaları imkanlarından söhbət açıb və bunun üçün ISESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb.

Əbdüləziz Osman əl-Tuveycri Bakıda və ölkənin ən nüfuzlu ali məktəbində yenidən olmasından məmnunluğunu ifadə edib. O, ISESCO-ya üzv ölkələrdə neft-qaz və texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, lakin BANM-in çox müasir və səmərəli layihə hesab etdiyini bildirib. ISESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM-də təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini və bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR