İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Tunisdə səfərdə olub

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Tunisdə səfərdə olub
# 06 sentyabr 2014 09:30 (UTC +04:00)

Bakı – APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-5-də Tunisdə səfərdə olub. Səfər Avropa Şurası ilə Tunis hökuməti arasında olan əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib.

APA-nın xəbərinə görə, Tunisin müxtəlif dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən ikigünlük seminarda İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin mandatı, səlahiyyətləri və fəaliyyət metodları, eləcə də işgəncə ilə mübarizə sahəsində Tunisdə olan mövcud problemlər və qarşıda duran əsas vəzifələr ətraflı müzakirə olunub.

Səfər çərçivəsində L. Hüseynov Tunisin ədliyyə naziri Hafed Ben Salahla, habelə ölkənin daxili işlər və səhiyyə nazirliklərinin rəsmiləri ilə görüşüb. Görüşlərdə Tunisin hakimiyyət orqanları ilə İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi arasında əməkdaşlığın zəruriliyi qeyd edilib. L. Huseynov rəhbərlik etdiyi Komitənin işgəncə və digər amansız rəftarla mübarizə sahəsində Tunisin hakimiyyət orqanlarına yaxından kömək etməyə, eləcə də bu ölkədə yeni yaradılmış və azadlıqdan məhrum etmə yerlərində müntəzəm yoxlamalar həyata keçirmək hüququ olan milli preventiv mexanizmə metodoloji yardım etməyə hazır olduğunu bildirib.

Görüşlər zamanı L. Hüseynov Azərbaycanda penitensiar sahədə həyata keçirilən islahatlar barədə danışıb və xüsusi vurğulayıb ki, Tunisin müvafiq hakimiyyət orqanları bu müsbət təcrübədən yararlana bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR