Masallıda park-bulvar salınır

Masallıda park-bulvar salınır
# 27 iyun 2015 10:21 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı şəhərində park-bulvarın tikintisi davam edir.

Masallı Rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, obyektin inşasına ötən ilin oktyabr ayından start verilsə də, Viləşçayda suyun səviyyəsi çoxaldığından işlər müvəqqəti dayandırılıb.

2015-ci ilin mart ayından tikinti işləri davam etdirilib. Hazırda çayın yataq hissəsində qazma və betonlama işləri aparılır. Bəndin hər iki tərəfdən hündürlüyü 3,70 metr, çayın iki sahili arasındakı məsafə isə 10 metr olacaq.

Park ilkin mərhələdə 7 hektar ərazini əhatə edəcək və 1,5 km uzunluğunda olacaq. Sonrakı mərhələdə parkın uzunluğu 5 kilometrədək uzadılacaq.

Park-bulvarda həmçinin bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, mini futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallını özündə əks etdirən guşə də olacaq.

Park-bulvarın üzərində piyadaların keçidi üçün 3 körpü inşa ediləcək. Suyun artırılıb-azaldılması üçün də qurğular yerləşdiriləcək. Əhali park ərazisində qayıqla gəzintiyə də çıxa biləcək.


Masallının simasını dəyişəcək park-bulvarın 2016-cı ilin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR