Məktəblilərarası I Məntiq Olimpiadası qalibləri mükafatlandırılıb

Məktəblilərarası I Məntiq Olimpiadası qalibləri mükafatlandırılıb
# 06 dekabr 2016 08:46 (UTC +04:00)

Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, ali məktəb rektorları, deputatlar və digərləri iştirak edib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. O deyib ki, bu məqsədlə müəyyən qaydalar hazırlanıb, istedadlı şagirdlərin VII-VIII sinifdən sonra xüsusi siniflərdə təhsil alması üçün işlər görülüb. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində həyata keçirilən Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq məqsədilə təşkil olunub. M. Vəliyeva qeyd edib ki, bu, şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcək: “Məntiq Olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdi iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Məktəblilərin marağı nəzərə alınaraq Olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu Olimpiadanın Bakı məktəbliləri arasında keçirilməsi rəmzi məna daşıyır. Onun sözlərinə görə, əsil adı Lütfəli Rəhim oğlu Ələsgərzadə olan Lütfi Zadə Bakıda anadan olub, ilk təhsilini paytaxtda alıb: “Sonradan İrana, Amerikaya köçərək orada təhsilini davam etdirib. Gələcəkdə bu Olimpiadanın coğrafiyasını genişləndirməli, ölkənin digər şəhər və rayonlarından da bu layihəyə iştirakçılar cəlb etməliyik".

Tədbirin sonunda yüksək nəticələr əldə edən şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR