Mikayıl Cabbarov: “Xaricdə təhsil almaq üçün dövlət proqramı üzrə seçim prosesi əvvəlkindən daha şəffaf keçiriləcək”

Mikayıl Cabbarov: “Xaricdə təhsil almaq üçün dövlət proqramı üzrə seçim prosesi əvvəlkindən daha şəffaf keçiriləcək”
# 28 avqust 2013 11:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Xaricdə təhsil almaq istəyən gənclər texniki sahələr üzrə ən azı 550, digər sahələr üzrə ən az 600 bal toplamalıdırlar”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib ki, Azərbaycanda gənclərin ildən-ilə Dövlət proqramına marağının artdığı müşahidə edilir. Onun sözlərinə görə, bu il xaricdə təhsil üçün nazirliyə 1300-ə yaxın müraciət olub ki, bu da ötən il olan rəqəmlə müqayisədə 30% artım deməkdir: “Bu bir tərəfdən onu göstərir ki, daha çox Azərbaycan gəncləri xarici universitetlərə qəbul olunurlar, digər tərəfdən dövlət proqramının əhatə dairəsi genişlənir. Bu dövlət proqramında kvotalar mövcud deyil və məhdudlaşdırıcı amil hesab edilmir. Azərbaycan dövləti xaricdə təhsil almaq istəyən gənclərin sayına heç bir məhdudiyyət qoymur. Əgər sabah müraciət edəcək tələblərin sayı 1200 yox, 2500 olacaqsa, hamısına baxacağıq”.

Nazir vurğulayıb ki, burada əsas məsələ müraciət edənlərin dövlət proqramının tələblərinə uyğun olub-olmamasıdır. Onun sözlərinə görə, keçirilən müsahibə zamanı tələblərə tam şəkildə cavab vermiş bəzi tələbələr dövlət proqramının mahiyyətini axıra qədər bilmir: “Müsahibələrdə bəziləri hansı məqsədlə getmək barədə sualı cavablandırarkən həmin ölkənin vətəndaşı olmaq məqsədilə getdiklərini söyləyiblər. Ancaq anlamaq lazımdır ki, dövlət maliyyəsi bunun üçün istifadə edilə bilməz. Bu proqramın məqsədləri tamamilə fərqlidir, Azərbaycan üçün kadr potensialı yaratmalı, müasir düşüncəli insanları hazırlamalıdır. Digər tərəfdən dövlət proqramının iştirakçısı olan hər bir tələbə Azərbaycanın ümummilli maraqlarını təmsil edən mövzular barədə ən azı ümumi məlumata malik olmalı, ünsiyyətdə olarkən bu barədə düzgün şəkildə danışa bilməlidirlər. Ancaq təəssüflər olsun ki, bəzi hallarda Dağlıq Qarabağ məsələsi barədə kifayət qədər məlumata malik olmayan tələbələr də müraciət edir. Bu halda onlar müvafiq universitetlər tərəfindən qəbul olunsalar da, belə tələbələrin dövlət tərəfindən maliyyələşdirilməsinə razılıq verilmir".

Təhsil naziri Azərbaycanda fəaliyyət göstərən xarici sertifikasiya mərkəzlərinin verdiyi sertifikatların araşdırılacağını da deyib. Onun sözlərinə görə, dövlət proqramına müraciət zamanı xarici dil bilikləri ilə bağlı yüksək bal qazanmış, lakin şifahi müsahibə zamanı öz fikirlərini çatdıra bilməyən gənclər də olur: “Bir çox hallarda eyni sertifikasiya mərkəzində yüksək bal almış tələbələr şifahi müsahibədə dil bilməyiblər. Burada bir incəlik də var - təhlil edəndən sonra aydın oldu ki, bir çox hallarda eyni sertifikasiya mərkəzindən yüksək bal almış tələbələr şifahi dil biliklərindən yüksək nəticə göstərə bilməyiblər. Bunlar Azərbaycandan kənarda yerləşən sertifikasiya mərkəzləridir. Azərbaycanlı gənclərin dövlət proqramı üzrə seçimi başa çatandan sonra bu məsələlər ayrıca olaraq araşdırılacaq".

M. Cabbarov qeyd edib ki, bu ildən etibarən xaricdə dövlət hesabına təhsil prosesinin ictimailəşdirilməsi və şəffaflığı təmin etmək məqsədi ilə hər bir müraciət edən tələbə ilə fərdi müsahibə həyata keçirilir. Onun sözlərinə görə, bu ildən Müsahibə Komissiyası tək Təhsil Nazirliyinin məmurlarından ibarət deyil, həmçinin bir sıra qurumların nümayəndələrindən təşkil olunacaq: "Tibb sahəsi üzrə imtahan verən şəxslər Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən yoxlanılacaqlar, həmçinin Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mütəxəssisləri, QHT nümayəndələri də müsahibələrə cəlb olunacaqlar. Tam məsuliyyəti ilə deyə bilərik ki, Dövlət proqramı ilə seçim prosesi əvvəlkindən daha şəffaf keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR