Milli QHT Forumu Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb

Milli QHT Forumu Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb
# 31 iyul 2014 13:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli QHT Forumu (MQF) Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, MQF-nin bəyanatında qeyd olunub ki, bu gün Azərbaycanda müxtəlif sahələri əhatə edən minlərlə QHT azad şəkildə fəaliyyət göstərir: “Təəssüflər olsun ki, Azərbaycanın dünyada yüksələn beynəlxalq imicindən narahatlıq keçirən qüvvələrin alətinə çevrilənlər arasında ictimai sektorun nümayəndələri də var. İllərdir, saxta siyahılar tərtib edərək beynəlxalq ictimaiyyətə hətta konkret terror aksiyalarında iştirakı faktlarla sübut olunmuş şəxsləri də “siyasi məhbus” kimi təqdim etməkdən çəkinməyən Leyla Yunusun hərəkətləri hər zaman Azərbaycanın çoxsaylı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən birmənalı şəkildə pislənilib. Daim Azərbaycanın milli dövlətçiliyini sarsıtmağa və onun inkişafına mane olmağa çalışan qüvvələrin sırasında yer alan “hüquq müdafiəçisi” tərəfkeşliyi, qanunlara sayğısızlığı və qeyri-şəffaf fəaliyyəti ilə seçilib”.

Bəyanatda vurğulanıb ki, Qarabağda qətlə yetirilən, ev-eşiyindən didərgin salınan yüz minlərlə azərbaycanlının hüquqlarının müdafiəsi üçün indiyədək etiraz bildirməyən bəzi xarici QHT-lərin tələsik bəyanatlar verərək Leyla Yunusun müdafiəsinə qalxması ölkənin ictimai təşkilatlarının ən böyük koalisiyası olaraq MQF-də suallar doğurur.

Bəyanatda xatırladılıb ki, son aylar ərzində hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, Leyla və Arif Yunusovlar çağırışdan müxtəlif bəhanələrlə yayınıblar: «Azərbaycanda az qala hər kəsi qanunları pozmaqda günahlandıran Leyla Yunus nədənsə hamının qanun qarşısında bərabər olması prinsipini unudur. MQF olaraq Leyla Yunus haqqında qaldırılan cinayət işinin istintaqını ciddi müşahidə etdiyimizi bildirərək, Azərbaycanın hüquq-mühafizə orqanlarının bu prosesi tamamilə qanunvericiliyin tələblərinə uyğun şəkildə aparacağına və həqiqəti tamlıqla ortaya çıxaracağına əminliyimizi bildiririk».

Qeyd edək ki, iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR