MTN-in Heydər Əliyev adına Akademiyasında andiçmə mərasimi keçirilib

MTN-in Heydər Əliyev adına Akademiyasında andiçmə mərasimi keçirilib
# 13 sentyabr 2014 11:13 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantların andiçmə mərasimi keçirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, akademiyanın şəxsi heyətinin, kursantların valideynlərinin iştirak etdikləri təntənəli mərasimdə Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Kursantları və onların valideynlərini bu əlamətdar hadisə münasibəti ilə təbrik edən Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev bildirib ki, bu gün kursantlar Vətənə sədaqət andı içərək, ölkəmizin və xalqımızın müdafiəçiləri sırasına qoşulacaqlar: “Seçdiyiniz peşə müqəddəs peşədir, Vətəni qorumaq, onu müdafiə etmək peşəsidir. Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz bir dəfə hərbi and içirik və həyatımızın sonuna kimi andımıza sadiq olmalıyıq, çünki bu, Vətənə, xalqa, ana torpağa, müstəqil Azərbaycan dövlətinə sədaqət andıdır, şərəf, namus və vicdan məsələsidir. Bu, şüurlu vətəndaş andıdır”.

Qeyd olunub ki, hərbi andı qəbul edən hərbi qulluqçu vəzifəsinə şüurlu münasibət bəsləməli, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, doğma torpağını, xalqını, dövlətini sonsuz bir məhəbbətlə sevməli, lazım gələrsə bu yolda canından belə keçməyə hazır olmalıdır.

Çıxış edən gənc kursantlar onlara Heydər Əliyevin adını daşıyan bu Akademiyada təhsil almaq imkanı yaradıldığı üçün MTN-in rəhbərliyinə minnətdarlığını bildirib, özlərinin və yoldaşlarının adından təlim-tədris və fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz veriblər. Təntənəli mərasimdə valideynlər də çıxış edərək övladlarının Akademiyanın kursantları cərgəsinə qoşulmalarından böyük qürur duyduqlarını, yaradılmış nümunəvi şəraitə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında mətin addımlarla tribuna önündən keçiblər.

Sonra təhsil müəssisəsinin akt zalında Akademiyanın bir qrup rəhbər heyəti valideynlərlə görüşüb, kursantlar üçün yüksək səviyyədə yaradılan təlim-tədris və məişət şəraitindən danışıb, verilən sualları cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR