Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkili diqqətdə saxlanılır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari il üçün də bu istiqamətdə tədbirlərə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
Tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı” əsasında həyata keçirilir. Proqrama uyğun olaraq, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili planlaşdırılıb.
Əlilliyi olan şəxslərin yola salınması zamanı onlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sosial cəhətdən həssas qrupların sosial təminatlarının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıdan razılıqla söz açaraq, yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
İstirahət günlərində əlilliyi olan şəxslər üçün xüsusi mədəni-kütləvi proqram əsasında musiqili-əyləncəli tədbirlərin, stolüstü oyunların, tarixi yerlərə gəzinti turlarının təşkili nəzərdə tutulub.
Qeyd edilən şəxslərin istirahət və sağlamlıq mərkəzlərinə aparılıb gətirilməsi bu məqsədlə ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir.