Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını, iyunun 25-də Neftçala rayonunda keçirəcək. Neftçala rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq yarmarkada 16-sı dövlət, qalanları özəl sektora məxsus 39 müəssisə üzrə 185 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək.
Həmin müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyən şəxslər qeydiyyata alınacaq.
Bu ilin əmək yarmarkalarına mart ayından başlanıb və ötən müddətdə 10 rayonda əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 701 nəfərə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb.
Qeyd edək ki, il ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulub.