Ombudsman Aparatının əməkdaşları üçün treninq keçirilib

Ombudsman Aparatının əməkdaşları üçün treninq keçirilib
# 15 mart 2013 16:03 (UTC +04:00)

Bakı – APA. Oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Müvəkkilin təşəbbüsü və MSK ilə əldə edilmiş razılığa əsasən, Ombudsman Aparatında əməkdaşlar üçün treninq təşkil olunub.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Süleymanova tədbirdə çıxış edərək, Müvəkkilin və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını, Ombudsmanın seçkilər günü MSK-nın İnformasiya Mərkəzinə operativ məlumatlar verdiyini diqqətə çatdırıb.

Müvəkkil MSK ilə qarşılıqlı əməkdaşlığa önəm verildiyini, bu qurumda mühüm təşkilati işlərin aparıldığını söyləyib, seçici siyahılarının, yaşayış yerini dəyişmiş şəxslərin ünvanlarının dəqiqləşdirilməsinin, səsvermə yaşına çatmış şəxslərin müəyyənləşdirilməsinin, seçki günündə bu siyahıların reallığı tam əks etdirməsinin vacibliyini, seçicilərlə kobud rəftarın yolverilməzliyini qeyd edib.

E.Süleymanova əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunması sahəsində Ombudsmanın davamlı olaraq iş apardığını diqqətə çatdırıb, dəyişdirilməsinə ehtiyac olan şəxsiyyət vəsiqələrinin qaydaya salınması işinin seçki öncəsi daha çevik və operativ başa çatdırılmasının zəruriliyini qeyd edib. Müvəkkil Azərbaycanda İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) monitorinqi və daha səmərəli icrası məqsədilə yaxın vaxtlarda respublikamızın bütün rayonlarını əhatə etməklə keçiriləcək, məntəqə və dairə seçki komissiyalarının (DSK) nümayəndələrinin də qatılacağı ictimai dinləmələrdə vətəndaşların seçki hüququ ilə də bağlı müzakirələrin aparılacağını, müvafiq bilgilərin veriləcəyini söyləyib.

Müvəkkilin və əməkdaşlarının qarşıdakı seçkiləri də müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb. MSK-nın təmsilçiləri qarşıdakı prezident seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesinə kömək göstərən qurum olduğunu vurğulayıb, Müvəkkilin bu istiqamətdə fəaliyyətini, monitorinqlərini yüksək dəyərləndirib, seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı geniş məlumat veriblər. Seçki Məcəlləsinin və digər normativ-hüquqi aktların qarşıdakı seçkilərin standartlara uyğun keçirilməsinə hüquqi zəmin yaratdığı vurğulanıb. Namizədlərin qeydiyyatı, ekspert qruplarının vəzifələri diqqətə çatdırılıb, iştirakçılara seçki komissiyalarının səlahiyyətləri, şikayətlərə baxılması qaydaları barədə də məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR