Pedaqoji ixtisaslara yiyələnmək istəyənlərin qabiliyyət imtahanı vermələri təklif olunur

Pedaqoji ixtisaslara yiyələnmək istəyənlərin qabiliyyət imtahanı vermələri təklif olunur
# 13 iyun 2013 10:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda müəllim hazırlığını, xüsusilə müəllim nüfuzunu qaldırmaq üçün pedaqoji ixtisaslara yiyələnmək istəyənlər test imtahanlarında iştirak etməmişdən əvvəl qabiliyyət imtahanından keçməlidirlər”.

Bunu APA-ya açıqlamasında Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov deyib. O bildirib ki, hazırda ən aşağı bal toplayanlar müəllim olurlar. Amma xaricdə ən yüksək bal toplayanların müəllimlik peşəsinə yiyələndiyini deyən institut direktoru qeyd edib ki, bu problemlər qısa zamanda həll olunmalıdır. Müəllimliyin ən çətin peşə olduğunu deyən A.Mehrabov vurğulayıb ki, bu sahəyə təsadüfü adamlar gələ bilməz: “Buna son qoyulmalıdır. Son illərdə pedaqoji yönlü ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına aşağı balla qəbul aparılır. 700 bal sistemində 150-200 bal toplayan müəllimlik ixtisasına göndərilir. 200 bal isə “2” qiymətdən də aşağı nəticədir. 700 bal sistemində 420-yə yaxın bal “3” qiymətinə yaxındır. Amma 400 bal toplayanı bu gün çox yüksək qiymətləndiririk. Bu göstəricilər həll edilməli və ən yüksək nəticə göstərənlər pedaqoji ixtisaslara qəbul olunmalıdır”.

A.Mehrabov Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müəyyən işlərin görülməli olduğunu da deyib. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 12 illik təhsilə keçilməli və təhsilin pillələri müəyyənləşməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR