Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Mingəçevir və Yevlax Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkimlər üçün seminar keçirilib. Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin seminar iştirakçılara ünvanlandığı məktubunu oxuyub. Məktubda bildirilib ki, agentliyin əsas məqsədlərindən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsidir: “Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması, onlara beynəlxalq təcrübənin öyrədilməsi olduqca zəruridir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq”.
Seminarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları və müalicəsi, həmçinin təcili təxirəsalınmaz halların idarə olunmasında ailə həkimlərinin roluna dair mövzular işıqlandırılıb, həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi üçün məşğələlər keçirilib.
Seminar mayın 27-də də davam edəcək. Pilot ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə agentlik tərəfindən gələcəkdə də təlim və praktiki seminarların keçirilməsi planlaşdırılır