Rusiyalı tələbələr AzMİU-nun “Qış məktəbi”ndə oxuyacaqlar

Rusiyalı tələbələr AzMİU-nun “Qış məktəbi”ndə oxuyacaqlar
# 30 yanvar 2018 13:04 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tədris ilində əcnəbi tələbələrin “Qış Məktəbi” layihəsini yenidən həyata keçirir.

Bu il Rusiyanın Tambov, Voronej və Kuban Dövlət Universitetinin 42 tələbəsi layihədə iştirak etmək hüququ qazanıb. Fevralın 5-dən 22-nə qədər davam edəcək “Qış Məktəbi”ndə tələbələr 3 qrup şəklində AzMİU-nun Memarlıq fakültəsində keçirilən ixtisas dərslərində iştirak edəcəklər.

İxtisas dərslərində rusiyalı tələbələrə Memarlıq fakültəsinin müəllimləri əsasən ”Azərbaycanın müasir memarlığı” mövzusunda silsilə mühazirələr oxuyacaqlar. Dərsdən sonra, günün ikinci yarısında tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün avtobuslarla turların təşkili nəzərdə tutulur. Bu turlar müəyyən ixtisas dərslərinin əyani şəkildə keçirilməsi üçün planlaşdırılıb. Səfər çərçivəsində “Qış məktəbi”nin tələbələri İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər - Heydər Əliyev mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Bayraq meydanı ilə tanış olacaqlar. Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerləri – İçərişəhər, Yanardağ, Qobustan, Atəşgah və Qala qoruğuna gəzintiləri də nəzərdə tutulub. Bundan başqa, rusiyalı tələbələrin bölgələrə səfərləri də planlaşdırılıb, onlar Qəbələ-Mingəçevir-Şəki turuyla Tufandağ qış-yay turizm kompleksində istirahət edəcək, Şəki Xan sarayını, Karvansarayı, Kiş məbədini ziyarət edəcəklər.

Dərslərin sonunda layihəni uğurla başa vurduqları üçün tələbələrə sertifikatlar veriləcək.
Məlumat üçün qeyd edək ki, “Qış məktəbi ” layihəsi AzMİU-da artıq ikinci ildir ki, reallaşdırılır. Ötən ilin fevralında da Tambov və Voronej Dövlət Texniki Universitetlərindən 36 tələbə bu layihədə iştirak etmişdi, layihənin sonunda iştirakçılara sertifikatlar verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR