Bakı. Gülnar Bəşirova - APA. Səhiyyə Nazirliyinin tabeliyində olan, rezidentura üçün klinik baza kimi təsdiq edilmiş tibb müəssisələrində rezidenturadakı təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən müxtəlif ixtisaslar üzrə xaricdə 1-3 aylıq rotasiya tsiklları təşkil olunur.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, tsikllarda rezidentura təhsilinin bu ilini tamamlayaraq dövri attestasiyadan müvəffəqiyyətlə keçmiş və səlis xarici dil (türk, ingilis və ya alman dili) biliyi olan həkim-rezidentlərin iştirakı nəzərdə tutulub.
Bu tsikllarda iştirak etmək üçün ərizə, kadrların şəxsi uçot vərəqəsi, rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə, tələb olunan tədris dili (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi və ya ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə) imtahanının və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda), ali təhsil haqqında diplomun surəti, 3,5x4,5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti, əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda) təqdim olunmalıdır.
Sənədlərin qəbulu oktyabrın 1-dən başlayaraq 20 iş günü müddətində saat 10.00-dan 12.00-dək Səhiyyə Nazirliyində (I mərtəbə, otaq №109) aparılır.