Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
# 26 sentyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi sentyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.

Ümumilikdə bu ilin 8 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 8 ay ərzində Fondun gəlirləri 1 904,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8% çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11% artıb. Bu daxilolmaların 64,8%-i və ya 717,8 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1% çoxdur.

2014-cü ilin 8 ayı ərzində Fondun xərcləri 1 899,1 mln. manat olub və bunun 98,1%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycanda ölkə üzrə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır. Belə ki, bu göstərici 2006-cı il yanvarın 1-nə 29,8 manat olduğu halda, 2007-ci il yanvarın 1-nə 41,1 manat, 2008-ci il yanvar 1-nə 62,9 manat, 2009-cu il yanvarın 1-nə 95,8 manat, 2010-cu il yanvarın 1-nə 100,4 manat, 2011-ci il yanvarın 1-nə 112,9 manat, 2012-ci il yanvarın 1-nə 145,1 manat, 2013-cü il yanvarın 1-nə 152 manat təşkil edib. Hazırda isə ölkə üzrə pensiyaların orta aylıq məbləği 172,2 manata çatıb. Nəticədə müasir sığorta-pensiya sisteminin fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb.

2014-cü ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1%-i yaşa görə, 28,1%-i əlilliyə görə, 10,8%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR