Son illər Bakı və Abşeronda isti hava dalğalarının davamiyyəti artıb

Son illər Bakı və Abşeronda isti hava dalğalarının davamiyyəti artıb
# 26 noyabr 2015 08:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) H. Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminarda elmi işçi Cəmilə Əhmədova Umayra Tağıyeva ilə birgə yazdıqları “Müasir iqlim dəyişmələri fonunda Abşeron yarımadasında “isti hava dalğalarının” (İHD) tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

C. Əhmədova bildirib ki, keçən əsrin 60-90-cı illərində Bakıda cəmi 2 İHD qeyd edilibsə, son 25 il ərzində bu rəqəm 17-yə çatıb: “Sayın artması ilə yanaşı İHD-nin davamiyyəti də artıb. Əvvəllər 6 gündən çox olmayan kəskin istilərin davamiyyəti son illərdə 8-12 günədək çoxalıb. 100 ildən artıq müşahidə dövrü ərzində 2010-cu ildə ən isti yay qeydə alınıb ki, həmin il İHD 24 gün davam edib”.

C. Əhmədovanın sözlərinə görə, İHD əsasən Abşeron yarımadasında Şimali Afrika və Yaxın Şərqdən qızmar tropik hava kütlələrinin cənub, cənub-qərb axınları ilə Cənubi Qafqaza davamlı müdaxiləsi nəticəsində yaranıb: “Bu da şimal və mülayim enliliklərdən nisbətən sərin hava kütlələrinin respublika ərazisinə daxil olmasını əngəlləyir”.

Məruzəçi əlavə edib ki, tədqiqatın nəticələrinə görə son onilliklərdə Abşeronda yay aylarında havanın orta maksimal temperaturu xeyli artıb: “Ümumdünya Meteorologiya Təşkilatının tövsiyəsinə görə “isti hava dalğası” havanın sutkalıq maksimal temperaturunun orta maksimal temperaturdan 5°С və daha yüksək olan günlərin fasiləsiz olaraq 5 gün və daha çox davam etdiyi dövr hesab edilir”.

C. Əhmədova qeyd edib ki, 2014-cü ilin avqust ayını misal gətirərək 16-dan 20-dək Bakı şəhəri və Abşeron yarımadasında birinci İHD hadisəsinin qeydə alınıb, havanın maksimal temperaturunun Abşeronda 40 dərəcəyədək yüksəlib: “Belə yüksək temperaturlar zəif külək və şəlakətlə (küləksiz hava) müşayiət olunub, cənub, cənub-şərq küləklərinin üstünlüyü isə havada rütubətliyin artmasına, günün bəzi saatlarında bürkülü havanın yaranmasına səbəb olub. Belə hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə riskli qiymətləndirilir. Həmin günlərdə Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının məlumatına əsasən, ümumən 12 günvurma hadisəsi qeydə alınıb. İkinci İHD hadisəsi isə avqustun 23-29-da baş verib. İsti hava dalğalarının tədqiqi qabaqcadan xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR