Təhsil Nazirliyinin şöbə müdiri: “Dövlət Proqramına qəbul olunmuş tələbə təhsilini davam etdirə bilməyərək geri qayıdarsa, onun üçün ödənilmiş vəsaiti qaytarmalıdır” - MÜSAHİBƏ

Təhsil Nazirliyinin şöbə müdiri: “Dövlət Proqramına qəbul olunmuş tələbə təhsilini davam etdirə bilməyərək geri qayıdarsa, onun üçün ödənilmiş vəsaiti qaytarmalıdır”  - <span style="color: red;">MÜSAHİBƏ
# 07 avqust 2013 08:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə azərbaycanlı gənclərin xarici ölkələrin ali təhsil müəssisələrinə seçim prosesi davam edir. Dövlət Proqramına seçim qaydaları, müəyyənləşdirilmiş prioritet ixtisaslar və ictimaiyyəti maraqlandıran digər məqamlarla bağlı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fariz Rzayev APA-nın suallarını cavablandırıb.

- Bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na namizədlərin seçim qaydalarına hər hansı bir dəyişiklik edilibmi?

- İlk öncə qeyd edim ki, xaricdə təhsil üzrə Dövlət Proqramı azərbaycanlı tələbələrin ölkə üçün zəruri ixtisaslar üzrə təhsil almasına geniş imkanlar açır. Məlum olduğu kimi, Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb, müvafiq qaydalar və seçim meyarları müəyyənləşdirilib. Ötən illərdən fərqli olaraq, Dövlət Proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunurlar. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır.

Komissiyanın tərkibi hər bir müsahibə günü üçün dəyişir. Komissiya üzvləri müsahibədə iştirak edəcək namizədlər barədə məlumatları yalnız müsahibə günü öyrənirlər. Bu isə komissiyanın fəaliyyətinin tam şəffaf və ədalətli olmasını təmin etmək məqsədi daşıyır. Məhz bu səbəbdən komissiya üzvləri barədə məlumatların ictimaiyyətə açıqlanmaması daha məqsədəuyğun hesab edilir. Komissiya üzvləri haqqında müvafiq məlumatların Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə qəbul prosesi başa çatandan sonra ictimaiyyətə açıqlanması mümkündür. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi əsas şərtlərdəndir. Tələbələrin tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti də əsas seçim meyarları kimi tətbiq olunur.

Bir məqamı da qeyd edim ki, Dövlət Proqramının reallaşdırılmasının başlıca məqsədi neft kapitalının insan kapitalına çevrilməsi, ölkənin yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsinin təmin olunmasından ibarətdir. Bu baxımdan Dövlət Proqramına ayrılmış vəsaitlərin daha perspektivli gənclərə yönəldilməsi olduqca zəruridir. Məsələn, bakalavriat səviyyəsini bitirərək xarici ölkədə iqtisadiyyat ixtisası üzrə magistraturada təhsil almaq istəyən namizəd Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun fərqini izah edə bilmirsə, həmin tələbə üçün dövlət vəsaitini sərf etməyə dəyərmi?! Burada əsas məqamlardan biri də ondan ibarətdir ki, Dövlət Proqramına qəbul olunmuş tələbə təhsilini davam etdirə bilməyərək geri qayıdarsa, iki ay ərzində onun üçün ödənilmiş vəsaiti dövlətə qaytarmalıdır. Bu isə onun özünü və ailəsini böyük maddi ziyana salması deməkdir. Odur ki, Dövlət Proqramına seçim şərtlərinin dəqiq yerinə yetirilməsi ilə bəzi namizədləri və onların ailələrini belə təhlükələrdən qorumaq mümkün olur.

- Prioritet ixtisas istiqamətləri hansı prinsiplərlə müəyyənləşdirilir?

- Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilən prioritet ixtisas istiqamətləri hər tədris ili üçün Azərbaycan prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilir. Bu zaman ölkə üçün ehtiyac duyulan zəruri ixtisaslara üstünlük verilir.

- Əvvəlcədən hər prioritet ixtisas üzrə qəbul olunacaq tələbələrin kvotası müəyyən edilirmi?

- Dövlət Proqramı çərçivəsində hər il konkret ixtisas istiqamətləri üzrə xaricdə təhsil alacaq tələbələrin seçilməsi üçün müvafiq kvotaların müəyyən edilməsi nəzərdə tutulmayıb. Onu da bildirim ki, prioritet ixtisas istiqamətlərinin əsas olmasına baxmayaraq, müvafiq qaydalara əsasən, ölkəmiz üçün ehtiyac duyulan bir sıra digər ixtisaslar üzrə də qəbul aparıla bilər. Təsadüfi deyil ki, Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üzrə qeyri-prioritet ixtisaslara müraciət edən bir sıra namizədlər barəsində də müsbət qərar qəbul olunub.

- Təhsil Nazirliyində keçirilən müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsini yoxlamaq hansı zərurətdən irəli gəlir?

- Təəssüflə qeyd etmək istərdim ki, bəzi hallarda namizədlərin IELTS və TOEFL kimi beynəlxalq dil imtahanlarında topladığı bal həmin şəxsin ingilis dilini real bilmə səviyyəsi ilə üst-üstə düşmür. Bu, əsasən bəzi namizədlərin imtahanları müəyyən müddət öncə (1 və ya 1,5 il öncə) verməsi və yaxud ingilis dili səviyyəsinin hərtərəfli təkmilləşdirilməsinə diqqət yetirməməsi ilə əlaqədardır. Bəzi hallarda isə namizədlər yüksək göstəricilərin əks olunduğu, amma həqiqi bilikləri əks etdirməyən TOEFL sertifikatları təqdim etməklə seçim komissiyasını aldatmağa çalışırlar. Buna görə də bütün namizədlərin xarici dili real bilmə səviyyələrinin müsahibələr zamanı yoxlanılması şəffaf seçim üçün çox vacib rol oynayır. Xüsusilə bildirmək istəyirəm ki, xaricdə təhsil almaq istəyən tələbələr ingilis və digər xarici dillərdən öncə doğma dilimizi mükəmməl səviyyədə bilməli, Azərbaycan haqqında ümumi məlumatlara sahib olmalıdırlar.

- Dövlət Proqramına seçim zamanı namizədlərə hər hansı əlavə üstünlük verən hallar varmı?

- Bəzən Dövlət Proqramına qəbul üçün hər hansı üstünlük əldə etməyə imkan verən səbəblər haqqında yanlış fikirlər səsləndirilir. Məsələn, şagirdlərin dünya fənn olimpiadalarında medallar qazanması və ölkəmizin bayrağını zirvələrə qaldırması hər birimiz üçün sevindirici hal olsa da, bu, onların Dövlət Proqramına birbaşa qəbuluna imkan vermir. Onlar da digər namizədlər kimi tələb olunan bütün sənədləri təqdim etməli və müsahibə mərhələlərindən keçməlidirlər. Dünya fənn olimpiadalarında medallar qazanmış şagirdlərimizə tövsiyə edərdik ki, ali təhsillərini olimpiadada nailiyyət əldə etdikləri sahələr üzrə davam etsinlər.

- Sizcə, proqrama qəbul olunmuş tələbələrə seçim prosesində nəyə görə üstünlük verildiyini əks etdirən müvafiq məlumatların ictimaiyyətə açıqlanması daha məqsədəuyğun olmazdımı?

- Dövlət Proqramına qəbul olunmuş bütün tələbələr haqqında məlumatlar Təhsil Nazirliyinin internet saytında, “Facebook” və “Twitter” səhifələrində yerləşdirilir. Eləcə də KİV vasitəsilə ictimaiyyətə çatdırılır. Dövlət Proqramına qəbul edilmiş və yaxud edilməmiş namizədlərin şəxsi həyatlarına hörmət prinsipini əsas tutaraq, onlar barədə şəxsi xarakterli məlumatlar ictimaiyyətə açıqlanmır. Onu da bildirim ki, dünya praktikasında müvafiq proqramlar həyata keçirilərkən fərdi məlumatların ictimailəşdirilməsinə yol verilmir. Məsələn, dünyada məşhur olan DAAD, Edmund S.Muskie, Chevening və digər müvafiq proqramların icra mexanizminə nəzər salarkən bir daha görürük ki, müraciət edənlərin qarşısında yalnız bir əsas tələb qoyulur: hər bir iddiaçı proqramın seçim meyarlarına cavab verməlidir. Əks təqdirdə, namizədə heç bir əlavə izahat verilmir. Sadəcə, əvvəldən elan edilir ki, yalnız proqrama qəbul edilənlərin siyahısı açıqlanacaq. Proqrama layiq olmayanlara isə heç bir əlavə məlumat verilməyəcək. Digər tərəfdən, proqrama müraciət edib müsbət nəticə əldə edə bilməyənlərə ayrı-ayrılıqda xüsusi izahat verilməsi müraciətlərin sayının çox olmasına görə praktiki baxımdan da mümkün deyil.

- Namizədlər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün daha çox hansı ölkənin ali məktəblərini seçməyə üstünlük verirlər?

- Dövlət Proqramı çərçivəsində hansı ölkənin ali məktəblərində təhsil almağı tələbələr yalnız özləri seçirlər. Seçimlərə müdaxilə olunması və ya tələbələrin istiqamətləndirilməsi heç bir halda mümkün deyil. Çünki tələbələr xarici ölkələrin ali məktəblərinə qəbul olunduqdan sonra Dövlət Proqramına müraciət edirlər. Azərbaycan prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində artıq 94 tələbəyə müsbət rəy verilib. Onlar təhsilini Böyük Britaniya (45 nəfər), ABŞ (7 nəfər), Türkiyə (10 nəfər), Kanada (9 nəfər), İsveçrə (8 nəfər), Avstraliya (3 nəfər), Belçika (1 nəfər), Niderland (3 nəfər), Litva (2 nəfər), Fransa (1 nəfər), Avstriya (1 nəfər), İsveç (1 nəfər), İspaniya (1 nəfər) və Almaniyada (2 nəfər) bakalavriat (34 nəfər), magistratura (49 nəfər), rezidentura (8 nəfər) və doktorantura (3 nəfər) səviyyələrində davam etdirəcəklər.

Bəzi hallarda tələbələrin hansı ölkənin ali məktəblərini seçməsi məsələsi ətrafında yersiz və qərəzli münasibət nümayiş etdirilir. 2013-2014-cü tədris ili üçün Dövlət Proqramına sənəd qəbulu başa çatmadan və bütün namizədlərin müraciətləri dəyərləndirilmədən hansısa ölkənin universitetlərinə təqaüdlərin verilməməsi kimi əsassız fikirlərin səsləndirilməsi yalnız bu proqramın həyata keçirilməsi prosesinə ləkə vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Bəzən mətbuata təqdim olunmuş məlumatları təhrif edərək ictimaiyyəti yanıltmaq cəhdləri isə təhsilin inkişafına töhfə vermək niyyətində olduqlarını iddia edənlər üçün heç də təqdirəlayiq addım deyil.

- Dövlət Proqramına sənəd qəbulu nə vaxt başa çatır və neçə nəfər qeydiyyatdan keçib?

- Təhsil Nazirliyi Azərbaycan prezidenti yanında Təhsil üzrə Komissiyanın 15 may 2013-cü il tarixli 48 saylı sərəncamına uyğun olaraq Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün mayın 22-dən sənəd qəbulunu həyata keçirir. Elektron qeydiyyat avqustun 15-dək davam edəcək. Qeyd edim ki, avqustun 2-nə qədər 828 nəfər elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan keçib. Sənədləri qaydasında olmadığı üçün qəbul olunmayan 80 nəfər sənədlərini qaydaya saldıqdan sonra avqustun 15-dək yenidən Təhsil Nazirliyinə müraciət edə bilər. Artıq 374 namizədlə müsahibə aparılıb və onlardan 93-ü müsbət rəy ala bilməyib. Sənədləri qəbul olunmuş namizədlərlə müsahibələr davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR