Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aşağı balla ali məktəbə qəbul olanların da sonradan ali məktəbdə akademik borclarının olub-olmadığını araşdırıb.
APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2009/2010-cu ildə əyani və axşam şöbəsinə qəbul olanların, 2008/2009-cu ildə qiyabi fakültəyə qəbul olanların sayı 8 186 nəfər olub.
Onun sözlərinə görə, 2012/2013-cü tədris ilində 7 912 nəfərin diplom alması gözlənilir: “250 baldan aşağı toplayan və təhsil müəssisəsini bitirməyənlərin sayı 77 nəfərdir (0,94 faiz). 250 baldan yuxarı nəticə göstərənlərin 197 nəfəri (2,41 faizi) bu il ali məktəbi bitirməyəcəklər. Minimal balla qəbul olan uşaqlar 4 il ərzində ali məktəbin proqramını başa çatdırıb diplom alırlarsa, deməli, proqramı mənimsəyə bilirlər. Yaxud proqramı mənimsəyə bilmirlərsə, akademik borca görə 5-ci kursa qalırlar. Əgər onlar ali məktəb proqramını mənimsəyib bitirirlərsə, bizim onların qarşısını kəsməyə hüququmuz yoxdur”.