Ümumdünya Mülkü Müdafiə Günü ilə əlaqədar Lənkəranda praktik təlim keçirilib

Ümumdünya Mülkü Müdafiə Günü ilə əlaqədar Lənkəranda praktik təlim keçirilib
# 01 mart 2016 11:10 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Ümumdünya Mülkü Müdafiə Günü ilə əlaqədar Lənkəranda praktiki tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Lənkəran regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, mülki müdafiə qoşunlarının şəxsi heyətinin iştirakı ilə şəhər 5 saylı orta məktəbdə keçirilən təlimdən əvvəl çıxış edənlər bu sahədə maarifləndirmə tədbirlərinin çox mühüm olduğunu diqqətə çatdırıblar.

Sonra məktəbdə şərti yanğın siqnalı səsləndirilməklə təlimə start verilib. Təlimata uyğun olaraq şagird və müəllim heyəti təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub. Şagirdlər yanğının söndürülməsi və şərti yaralılara tibbi yardımın göstərilməsi prosesini izləyiblər. Sonda tədbir iştirakçılarına və şagirdlərə baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqda məlumat verilib, həmçinin tətbiq olunan müasir avadanlıqların funksiyaları izah olunub.

Məlumat üçün bildirək ki, Ümumdünya Mülki Müdafiə Günü – 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması münasibətilə qeyd edilir. Azərbaycan isə beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR