Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə müavini Brok Birman Xaçmaz rayonuna səfər edib.
APA-nın şimal bürosunun məlumatına görə, B. Birman yerli icma üzvləri, habelə USAİD və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşüb. O, indiyə kimi Xaçmazda 9 müxtəlif layihə həyata keçirdiklərini, daha 3 layihə həyata keçirməyi planlaşdırdıqlarını deyib.
B. Birman Azərbaycana səfəri zamanı dövlət qurumları ilə çox yaxşı müzakirələr apardığını söyləyib: “Müxtəlif proqramları müzakirə etmişik və ümid edirik ki, çox yaxşı nəticələr əldə edə biləcəyik. Münasibətlərin qurulması çox vacibdir və mən ümid edirəm ki, Azərbaycanda bir çox nazirliklərlə, liderlərlə bu münasibətləri qura biləcəyik. Mən bu vəzifəyə yanvar ayında təyin olunmuşam, hələ yeniyəm və qabaqda hələ uzun yol var. ABŞ-a qayıtdıqdan sonra orada Amerika xalqına onların vergilərinin necə xərcləndiyi barədə məlumat verəcəyəm. Gördüklərimi onlara çatdıra bilsəm, böyük bir şeydir. Eyni zamanda, bizimlə əməkdaşlıq edən şəxslərə və Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, B. Birman 25 fevral tarixində Azərbaycana 3 günlük səfərə gəlib. O, vergilər naziri Mikayıl Cabbarov, 1-ci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər hökumət nümayəndələri ilə görüşüb.