Zaqatala haqqında ötən əsrin 50-70-ci illərində çəkilmiş qısametrajlı filmlərin nümayişinə başlanıb

Zaqatala haqqında ötən əsrin 50-70-ci illərində çəkilmiş qısametrajlı filmlərin nümayişinə başlanıb
# 02 mart 2013 15:17 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala Tarix – Diyarşünaslıq Muzeyində ötən əsrin 50-70-ci illərində bölgə haqqında keçmiş SSRİ-nin müxtəlif kinostudiyalarında çəkilmiş qısametrajlı sənədli filmlərin tamaşaçılara nümayiş etdirilməsinə başlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna tarix muzeyinin elmi işçisi Təranə Xəlilova məlumat verib. Onun sözlərinə görə, muzeyin sərgi zalında quraşdırılmış monitorda ilk əvvəl üç qısametrajlı sənədli film nümayiş etdirilib. Sözü gedən filmlərin ilk tamaşaçıları filmlərdə haqqında bəhs edilən və hazırda sağ olan əmək veteranları, dünyasını dəyişənlərin yaxın qohumları olub. Tamaşaçılara təqdim olunan qısametrajlı filmlərdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərindən Nəzakət Məmmədovanın, Baba Mirzəyevin, Eldəniz Zeynalovun, Arif Quliyevin, Nəbi Xəzrinin, Cabir Novruzun bölgədə keçirilən tədbirlərdə iştirakı ilə bağlı maraqlı süjetlər olub. Nümayiş etdirilən qısametrajlı sənədli filmlər arasında Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanda keçirilən ilk atçılıq yarışlarının qalibi olmuş Mina Nəzirova, keçmiş SSRİ-də ilk dəfə olaraq fındıq təmizləyən və tütün düzən maşınları ixtira etmiş və ixtiralarına görə Stalin mükafatına layiq görülmüş Məhəmməd Andiyev barəsində olan filmlər tamaşaçıların marağına səbəb olub. Təranə Xəlilova muzey direktorluğunun təşəbbüsü ilə bağlı toplanmış filmlərin nümayiş etdirilməsinin Heydər Əliyevin 90 illiyi və Zaqatalanın folklor paytaxtı elan edilməsi ilə bağlı tarix muzeyinin hazırladığı silsilə tədbirlərin bir hissəsi olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR