Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin yeni yaradılan Ekspertiza İdarəetmə Sisteminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, təqdimatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov deyib ki, yeni xidmətin yaradılmasında məqsəd müraciətlərin elektronlaşdırılmasıdır.
Onun sözlərinə görə, eyni zamanda vətəndaş məmur təması aradan qaldırılaraq tam şəffaflığı təmin etmək, ekspertiza ilə bağlı rəy və icazə prosesinin sadələşdirilməsi, asan idarə olunması əsas üstünlüklərdən biridir. Sistem nəticəsində araşdırmaların aparılması daha da sürətləndiriləcək".
M.Qəmbərov qeyd edib ki, sistem vasitəsilə müraciətlərə reqlament üzrə gec baxılmasının səbəbləri də görünəcək:
"Müraciət edən vətəndaş prosesləri şəxsi kabinetinə daxil olaraq izləyə biləcək. Sistemdə 25 adda xidmət öz əksini tapıb. Hesabatlılıq baxımından da şəffaflıq olacaq. Gələn müraciət və rəylər həmin hesabatlarda reyestr vasitəsilə sistemdə əks olunacaq".
M.Qəmbərov vurğulayıb ki, hansısa xidmət üzrə rüsumlar qanunvericilikdə nəzərdə tutulan məbləğdə olacaq və ödəniş elektron olaraq həyata keçiriləcək.