“Dərslərin 2 ay olmaması uşaqlara psixoloji cəhətdən təsir edir, amma bu, o demək deyil ki, onlara bu dərsləri mənimsəməmək üçün şərait yaradılmayıb”. APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, martın 1-nə qədər bütün məktəblərdə tədris prosesi davam edib, o dövrə olan bütün mövzular, dərslər keçirilib: “Mart ayında nəzərdə tutduğumuz imtahanlar IX sinfin imtahanları idi. Bu imtahanların proqramları da əvvəlcədən elan olunmuşdu və nəzərdə tutulmuşdu ki, elə marta qədər olan proqram bu imtahanlarda qiymətləndirilsin. Aprel ayında isə XI sinif imtahanlarını keçirməli idik, o imtahanlar da təxirə salındı. Mart ayında təxminən 1 həftədən çox tətil də nəzərdə tutulmuşdu və martda keçirilməyən dərslər XI sinfə o qədər də təsir göstərmirdi. Bizim imtahanlara aid olan bütün proqramlar hələ noyabr, dekabr aylarından elan olunmuşdu. Dövlət İmtahan Mərkəzi tərəfindən bütün fənlər, siniflər üzrə onlayn resurslar 2 ildir ki, “Youtube”-da yerləşdirilib. Yalnız karantin rejimi zamanı yeni, təxminən 159 dərs təzədən DİM-in "Youtube" kanalına yerləşdirilib. Bu dərslərin özəlliyi odur ki, kimsə hansısa mövzunu vaxtında keçməyibsə və ya həmin dərsdə olmayıbsa, həmin mövzunu bizim kanalda tapa və təzədən baxa bilər. Hər bir dərsi təxminən 7-10 dəqiqə mənimsəmək mümkündür. Bununla əlaqədar işləmək lazımdır. Təbii ki, kiminsə "Youtube"-a girmək imkanı olmaya bilər. Eyni zamanda hamıda dərsliklər var, məktəbdən verilib. Dərsliklərdən başqa bizim çap elədiyimiz qiymətləndirmə üçün vəsaitləri də əldə etmək üçün onlayn sifariş mümkündür".
M. Abbaszadə deyib ki, proqramı elan edəndə bu, Təhsil Nazirliyi ilə razılaşdırılıb: “Yeni imtahan qrafiki tətbiq olunanda da Təhsil Nazirliyi ilə razılaşdırılacaq. Həmin proqramda nəyisə çıxarmaq, ya da əlavə etmək lazım olsa ediləcək, xüsusilə biologiya ilə bağlı olan proqrama koronavirusla əlaqədar hansısa suallar əlavə olunacaq. Biz hətta bununla əlaqədar onlayn imtahan da hazırlamışıq. Bildiyiniz kimi, “Virusdan özünü necə qorumalısan?” sualını gənclərə ünvanlamışıq. Bu məsələlər yenə də müzakirə olunandan sonra elan olunacaq. Bütün materialların hamı üçün eyni zamanda əldə olunmağı təmin olunacaq. Qiymətləndirmənin əsas prinsipi, məqsədi ədalətli olmağı qoruyub saxlamaqdır. Buna hər kəs əmin ola bilər”.