Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-2024-cü illərdə Ağdam şəhərində İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.
APA xəbər verir ki, bunu Ağdama təşkil olunan media-turda İmarət Kompleksi ilə bağlı yaradılan işçi qrupunun üzvü Nərgiz Abdullayeva jurnalistlərə açıqlamasında bildirib. Qeyd olunub ki, ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.
Kompleksdə yaradılan Qarabağ atları parkında qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının auksionunun keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulur.
İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur.
Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.