Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
APA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış olub.
Dövlət Himninin səsləndirilməsindən sonra iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Akademik “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” mövzusunda məruzəsini diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışını “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəyə həsr edib.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik-katib akademik Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
O qeyd edib ki, 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib, bu əlamətdar hadisə ilə əlaqədar olaraq respublika miqyasında çoxsaylı ictimai-siyasi və elmi-mədəni tədbirlər keçirilib.
Məruzədə vurğulanıb ki, ötən ilin digər bir əlamətdar tarixi hadisəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında Qarabağda həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi olub.
Bir sıra statistik rəqəmləri diqqətə çatdıran məruzəçi hesabat ilində AMEA-nın elmi bölmələri üzrə 173 problemin 515 mövzusu üzrə 1614 elmi tədqiqat işinin aparıldığını, 180 mühüm elmi nəticənin alındığını, 42 işin tətbiq olunduğunu söyləyib. Təsərrüfat müqavilələrinə əsasən 182 iş yerinə yetirilib, 11-i xarici olmaqla 72 patent alınıb, 17-si xarici alimlərlə birgə olmaqla 88 qrant layihəsi üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilib.
2023-cü ildə Akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab və monoqrafiya, 3000-ə yaxını xaricdə olmaqla (bunlardan 1000-ə yaxını “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) 9500-ə yaxın məqalə və tezis nəşr etdirilib. Elmi işçilərin əsərlərinə 31000-ə yaxın istinad olunub.
AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan məruzəçi 2023-cü ildə bu istiqamətdə də mühüm işlərin görüldüyünü, bir sıra xarici ölkənin elmi müəssisələri ilə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini, əcnəbi alimlər, ictimai-siyasi və mədəniyyət xadimləri, beynəlxalq elmi təşkilatların nümayəndələrinin Akademiyanı ziyarət etdiklərini, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Çin, İtaliya, Rusiya, Gürcüstan, Bolqarıstanın elmi qurumları ilə əməkdaşlığa xüsusi diqqət ayrıldığını bildirib.
Sonra Ümumi yığıncaqda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun “Heydər Əliyev İli”: süni intellekt vasitəsilə elmi konfrans”, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovun “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzələri dinlənilib.
Ümumi yığıncaqda, həmçinin Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) başqanı professor Hasan Mandalın, AR Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyətinə dair” məruzəsi ətrafında çıxışları dinlənilib.
Çıxışlardan sonra AMEA-nın Ümumi yığıncağının qərar layihəsi səsləndirilib.