Baş Prokurorluq Astarada konfrans və “Açıq qapı günü” keçirib - YENİLƏNİB

Baş Prokurorluq Astarada konfrans və “Açıq qapı günü” keçirib - YENİLƏNİB
# 29 noyabr 2023 15:25 (UTC +04:00)

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 29-da Astara şəhərində “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

APA Baş Prokurorluğa istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Astara Şəhidlər Xiyabanını ziyarət edib.

İştirakçılar Astara rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsi ilə tanış olublar.

Astara rayon Mədəniyyət Mərkəzində baş tutmuş tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Murad Dadaşov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib.

Dahi lider Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti barədə danışan Murad Dadaşov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Konfrans zamanı çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev işgüzar tədbirin Astara şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin, Astara rayon prokuroru Əli Əliyev, Milli Məclisin deputatları Rəşad Mahmudov və Ziyafət Əsgərov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış edib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi tədbir zamanı nümayiş etdirilib.

***

11.35

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq noyabrın 29-da Astara rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

İştirakçılara, həmçinin, “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR