Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı modeli təqdim olunub

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı modeli təqdim olunub
# 05 mart 2024 11:27 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” və “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinin təqdimatına həsr olunan tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır.

Sədr bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edilib:

"Bu məqsədlə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib".

“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib” – deyə sədr qeyd edib.

Azərbaycan Dillər Universitetinin baş müəllimi və proqramın həmmüəlliflərindən biri Səbinə Əliyeva proqramın yaranma zərurəti, əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib. Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinə aid təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR