“Məcburi köçkünlərin 50 faizi qadınlardır”.
APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.
E. Əmirbəyov deyib ki, Azərbaycan infrastruktur layihələrini uğurla həyata keçirir: “Ərazilərin minalardan təmizlənməsi ilə bağlı ciddi çağırışlarla üzləşmişik. BMT və digər donorların dəstəyi ilə bu işlər davam etdirilir. ANAMA 10 min kvadrat kilometr ərazini digər müvafiq qurumların də köməyi ilə minalardan təmizləməlidir”.
Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, hər bir müharibə, münaqişə fərqlidir: “Bütün məsələlərə vahid yanaşmadan danışmaq çətindir. Ölkə səviyyəsində qadınlar üçün yeni vəziyyəti nəzərə alaraq, milli fəaliyyət planı hazırlanmaqdadır”.