Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, öncə Baş Prokurorluğun rəhbərliyi Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Bundan sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi barədə Sərəncam imzalaması Ümummilli liderin xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.
Vurğulanıb ki, Ulu Öndərin respublikamıza ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun təşəbbüsü və ciddi səyləri nəticəsində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlamışdır. Məhz həmin dövrdən Heydər Əliyev öz xalqının öndəri olduğunu özünün konkret siyasi-idarəçilik fəaliyyəti ilə sübuta yetirməklə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl qoymuşdur.
Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdışı tariximizin hərc-mərclik, ağır tənəzzül illərinə, uğursuz müharibə, Azərbaycan torpaqlarının bölüşdürülməsi planlarının reallaşması, torpaqlarımızın düşmənə təslim edilməsi dövrünə təsadüf etmişdir. Məhz bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etmiş, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmışdır. Onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, inamını özünə qaytarmışdır.
Xüsusilə vurğulanmışdır ki, məhz tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Tədbirdə çıxış edən Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi ilk illərindən başlayaraq Qarabağda sosial infrastruktur qurulmağa başlandığını, bölgənin mənəvi-siyasi həyatının dəyişməsi istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın digər əraziləri ilə yanaşı Qarabağda da sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkşaf etdiyini bildirmişdir.
Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla ulu öndərin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəklərini bildirmişdir.
Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi izlənmişdir.