Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar - FOTO

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar - FOTO
# 30 may 2024 14:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar.

APA xəbər verir ki, beynəlxalq konfransın iştirakçılarına məscidlə bağlı məlumat verilib.

Qeyd edək ki, mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər.

Xatırladaq ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.

Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR