Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.
APA xəbər verir ki, Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.
Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təmsilçiləri iştirak ediblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dəfn mərasimində çıxış edərək bildirib ki, F.Səttarova daim müxtəlif tədbirlərdə, görüşlərdə çıxışları zamanı Azərbaycanın dövlət siyasətini dəstəkləyib: “Tanınmış ictimai xadim Fatma Səttarovanın vəfatı xalqımız üçün böyük itkidir. Onun xidmətləri hər birimizə məlumdur. Cənab Prezident və xanımı daim Fatma Səttarovanın səhhəti ilə maraqlanıb, qayğılarını əsirgəməyiblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının uğurlu fəaliyyətində də Fatma xanımın rolu çox böyük olub. İnanırıq ki, onun ənənələri davam etdiriləcək”.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, polkovnik Elşad Əbilov MN rəhbərliyi adından Fatma Səttarovanın yaxınlarına başsağlığı verib, onun İkinci Dünya müharibəsindəki xidmətlərindən söhbət açıb.
F.Səttarovanın həyatının gənclər üçün nümunə olduğu bildirilib.
Sonda F.Səttarovanın oğlu, professor Rakif Səttarov dəfn mərasimində iştirak edənlərə minnətdarlığını bildirib: “Biz atamızı tez itirmişik. Fatma xanım bizi tək böyüdüb, təlim-tərbiyəmizlə məşğul olub. Cavan vaxtı müharibədə iştirak edib, sonralar da müxtəlif vəzifələrdə çalışıb, o dövrün gərgin və çətin sınaqlarından keçib”.
Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu gün vəfat edib.
F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib.
F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib. 1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.
O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.