Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Yanğından Mühafizə Xidmətləri təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin mövzusu vaqonlar parkında baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.